Azərbaycan Respublikası Əmək Məcəlləsindən çıxarış

IV bölmə
İş vaxtı
On üçüncü fəsil : İş vaxtının növlərİ və tənzimlənməsi qaydaları
Maddə 89. Tam iş vaxtı və onun müddəti
1. Tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Maddə 90. Həftəlik tam iş vaxtının müəyyən edilməsi
1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Maddə 91. Qısaldılmış iş vaxtı
1. İşçilərin ayrı - ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

2. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Maddə 92. Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti
1. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

2. Əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, bu maddənin birinci hissəsində göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir.

Maddə 93. Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı
Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
 
Maddə 94. Natamam iş vaxtı
1. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı - natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.

2. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın - ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir.

3. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrlə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.[75]

4. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

5. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

On dördüncü fəsil: İş vaxtının rejİmİ və İş vaxtından artıq vaxtda İşİn tənzİmlənməsİ qaydaları

Maddə 95. İş vaxtının rejimi

1. İş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

3. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər.

Maddə 96. İş vaxtının cəmlənmiş uçotu
1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

Maddə 97. Gecə vaxtı işin müddəti
1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

2. Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.

Maddə 98. Gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər
1. Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir.

2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.[76]

Maddə 99. İş vaxtından artıq iş
1. İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

2. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

3. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.

4. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.

5. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.

Maddə 100. İş vaxtından artıq işlərin son həddi
1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

Maddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar
1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

2. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.

Maddə 102. İş vaxtının uçotu
1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
 

Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi tərəfindən «30» iyun
2010-cu il tarixində təsdiq edilmişdir.

I Ümumi qaydalar
1. Əmək intizamı müəssisədaxili intizam qaydalarına riayət etmək, öz işinə şüurlu, yaradıcı münasibət bəsləmək, onun yüksək keyfiyyətini təmin etmək və iş vaxtından səmərəli istifadə etməkdən ibarətdir.
Əmək intizamı normal, yüksək əmək məhsuldarlığı üçün lazımi təşkilati və iqtisadi şəraitin yaradılması, habelə yüksək əməyə görə həvəsləndirmə metodları ilə təmin olunur.
Daxili intizam qaydaları ümumtəhsil məktəb işçilərini əməyə vicdanlı münasibət ruhunda tərbiyə etmək və gələcəkdə əmək intizamını möhkəmləndirmək məqsədi daşıyır.
2. Daxili intizam qaydaları işçilərin əmək münasibətlərini tənzim edir, işəgötürənlə müvafiq həmkarlar ittifaqı komitəsi arasında bağlanmış kollektiv müqaviləyə daxil edilir və bunun əsasında əmək intizamının möhkəmlənməsinə, əməyin təşkilinə və iş vaxtından səmərəli istifadə edilməsinə, işin keyfiyyətinin yüksəldilməsinə kömək edir.
3. Müəssisədaxili intizam qaydaları Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin bütün tiplərinə (ibtidai, əsas, orta, lisey və gimnaziyalar, habelə yeni tipli digər təlim-tərbiyə müəssisələri, günü uzadılmış məktəblər, tərkibində axşam sinifləri və qiyabi qrupları olan məktəblər, bütün tipdən olan internat məktəblər, sanatoriya tipli məktəblər, uşaq evləri və xüsusi məktəblər) şamil edilir.
4. Daxili intizam qaydalarını məktəbin müdiriyyəti və həmkarlar ittifaqı komitəsi həmin məktəbin iş şəraitinə uyğun hazırlayıb təsdiq edirlər.
5. Daxili intizam qaydalarının tətbiqi ilə əlaqədar bütün məsələlər məktəbin müdiriyyəti tərəfindən ona verilmiş hüquq dairəsində, mövcud qanunvericilikdə və Daxili intizam qaydalarında nəzərdə tutulmuş hallarda isə həmkarlar ittifaqı komitəsi ilə birlikdə razılaşdırılaraq həll edilir və həmçinin, əmək kollektivlərin verilmiş səlahiyyətlər daxilində həll olunur.


II İşçilərin işə qəbulu, başqa işə keçirilməsi və işdən azad edilməsi qaydası
 
 6. İşçilərin əmək hüququ mövcud qaydada bağlanmış əmək müqaviləsinə əsasən həyata keçirilir. «Azərbaycan Respublikasının Təhsil Qanunu»nun tələblərinə müvafiq olaraq tədris müəssisələri pedaqoji kadrlarla komplektləşdirilir.
7. İşə qəbul edilərkən məktəbin müdiriyyəti işə qəbul olunandan aşağıdakıları tələb etməyə borcludur:
a) əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)
b) əmək funksiyasının xüsusiyyətlərinə uyğun olaraq peşə hazırlığının və ya təhsili barədə müvafiq sənəd.
Zəruri hallarda işçilərin sağlamlığı haqqında tibbi arayış.
İşə qəbul zamanı qanunvericilikdə nəzərdə tutulmayan sənədləri tələb etmək qadağandır.
Ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislər işə müəyyən olunmuş qaydada göndəriş vəsiqəsi və ya işə müstəqil düzəlmək ixtiyarı verilməsi barədə arayış olduqda qəbul olunurlar.
8. Müəyyən edilmiş qaydada işə qəbul olunan zaman, yaxud köçürülmə yolu ilə işə götürülərkən məktəbin müdiriyyəti borcludur:
a) işçini ona həvalə olunmuş işlə, həmkarlar ittifaqı komitəsi ilə bağlanmış kollektiv müqavilənin şərtləri ilə tanış etmək, onun hüquq və vəzifələrini izah etmək;
b) daxili intizam qaydaları ilə tanış etmək;
c) əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə və sağlamlığın təşkili üzrə təlimatlar vermək və işçinin bu sənədlərlə tanış olmasını jurnalda qeyd etmək;
ç) işçi təhlükəli qurğularda (elektrik avadanlığı, qazanxanalar, avtomaşınlar və s.) xidmət etmək üçün təyin edilən halda onun tibbi müayinədən keçirilməsini təmin etmək.
9. «Müəssisələr, idarələr və təşkilatlarda əmək kitabçasının aparılması qaydası haqqında Təlimat»a əsasən, 5 gündən artıq işləmiş bütün fəhlə və qulluqçular üçün əmək kitabçası iş yerində açılır.
Əvəzçilik qaydası ilə işləyənlər üçün əmək kitabçası əsas iş yerində aparılır.
Məktəb direktorunun əmək kitabçası rayon (şəhər) təhsil şöbəsində (idarəsində), digər işçilərin əmək kitabçası isə ciddi hesabat blankları kimi məktəbdə saxlanılır.
10. Məktəbin hər bir pedaqoji işçisi üçün şəxsi iş düzəldilir, orada kadrların uçotuna aid şəxsi vərəq, tərcümeyi-hal, təhsil haqqında sənədin surəti, əmək kitabçasından çıxarış, attestasiya nəticəsinin materialları, uşaq müəssisəsində işləmək üçün əks göstəricisinin olmaması barədə tibbi arayış, işə təyin olunma və yerdəyişmə, həvəsləndirmə və işdən azad olunmağa dair əmrlərin surəti saxlanılır.
Məktəb direktorunun şəxsi işi nomenklaturaya uyğun olaraq rayon (şəhər) təhsil şöbəsində (idarəsində), digər işçilərin şəxsi işi iş yerində saxlanılır.
11. Əmək müqaviləsinin ləğvinə yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar üzrə yol verilə bilər. İşçi əmək müqaviləsini bir ay qabaqcadan müdiriyyətlə yazılı xəbərdarlıq etməklə ləğv edilə bilər. Xəbərdarlıq müddəti qurtardıqdan sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşəgötürənin təşəbbüsü ilə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, əvvəlcədən həmkarlar ittifaqı komitəsinin razılığı olmadan əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək müqaviləsinin ləğvi işəgötürənin əmri ilə rəsmiləşdirilir.
12. İş həcminin azalması ilə əlaqədar pedaqoji işçilərin əmək müqavilələrinə tədris ili qurtardıqdan sonra xitam verilə bilər.
13. Məktəbin müdiriyyəti və ya rayon (şəhər) təhsil şöbəsi (idarəsi) əmək kitabçasını və son haqq-hesabı sonuncu iş günü işçiyə verməlidirlər. Əmrdə işçinin azad olunması barədə əmək məcəlləsinin müvafiq maddələri və bəndi göstərilməlidir. Əmək müqaviləsinə xitam verildiyi gün son iş günü hesab edilir.
14. Məktəb işçilərinin vəzifələrinə daxildir:
a) «Azərbaycan Respublikasının Təhsil Qanunu» nun tələblərinə riayət etməyə, namus və vicdanla işləməyə, ümumtəhsil məktəbinin Nizamnaməsinin, Daxili intizam qaydalarının tələblərinə ciddi əməl etməyə, həvalə olunmuş əmək funksiyalarını dəqiq yerinə yetirməyə;
b) məktəbdə müvafiq qaydalar əsasında əmək intizamına riayət etməyə, işə vaxtında gəlməyə, müəyyən olunmuş iş vaxtına əməl etməyə, üzərinə düşən vəzifəni yerinə yetirmək üçün iş vaxtından yaradıcı və səmərəli istifadə etməyə, müdiriyyətin sərəncamını vaxtında və dəqiq icra etməyə;
c) yerinə yetirdiyi işin keyfiyyətini yüksəltməyə, onun keyfiyyətinin aşağı düşməsinə yol verməməyə, icra intizamına ciddi riayət etməyə, əmək fəaliyyətində yüksək nəticələr əldə etmək üçün müntəzəm olaraq yaradıcı təşəbbüsdə olmağa;
ç) şagirdlərin həyat və sağlamlığının mühafizəsi üçün qayda və təlimatlarda nəzərdə tutulmuş təhlükəsizlik texnikası və əməyin mühafizəsi, istehsalat sanitariya və gigiyenası, yanğından mühafizə tələblərinə əməl etməyə, zəruri fərdi mühafizə vasitələrindən istifadə etməyə;
d) dövlətin təhsil siyasətini yerinə yetirməyə, tərbiyə və təhsil alanların dövlət standartları səviyyəsində mənimsəmələri üçün zəruri şərait yaratmağa;
e) uşaqlara qarşı diqqətli olmağa, onların ləyaqətinə, şərəfinə hörmət etməyə, şagirdlərin valideynləri və kollektiv üzvləri ilə nəzakətli olmağa;
ə) müntəzəm olaraq peşə-ixtisas səviyyəsini, praktik hazırlığını, pedaqoji ustalığını, ümumi mədəniyyətini yüksəltməyə;
f) yerində, məişətdə və ictimai yerlərdə yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik olmağa, əməyi və şəxsi nümunəsi ilə şagirdlərdə milli zəminə, ümumbəşəri sərvətlərə, həqiqətə, ədalətə, vətənpərvərliyə, humanizmə və digər keyfiyyətlərə hörmət və məhəbbət hissi aşılamağa. Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə dərin hörmət hissi yaratmağa;
g) yerində səliqə-sahman yaratmağa, qiymətli əmlakın və sənədlərin qorunması qaydalarına riayət etməyə;
ğ) inventar və avadanlığı, tədris vasitələrini və s. qorumağa və möhkəmləndirməyə, istilik və elektrik enerjisindən qənaətlə istifadə etməyə, şagirdlərdə dövlət əmlakına qayğıkeş münasibət tərbiyə etməyə;
h) icbari-tibbi müayinələrin keçirilməsi haqqında təlimata uyğun olaraq müəyyən olunmuş müddətlərdə tibbi müayinədən keçməyə.
Pedaqoji işçilər dərslərin (məşğələlərin) aparılması, məktəbdə təşkil olunan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi zamanı şagirdlərin həyatı və sağlamlığı üçün tam məsuliyyət daşıyır və onların zədələnmələri barədə bütün hallarda müdiriyyətə məlumat verməlidirlər.
15. Məktəb direktorunun əmri ilə müəyyən edilmiş qaydada müəllimlərə tədris işindən əlavə sinif rəhbərliyi, tədris kabinetlərinin, tədris-təcrübə sahəsində işin aparılması, tədris emalatxanası ustası vəzifəsinin yerinə yetirilməsi, əmək təliminin, peşə oriyentasiyasının təşkili, həmçinin digər tədris-tərbiyə funksiyalarının yerinə yetirilməsi tapşırıla bilər.
16. Pedaqoji işçilər (müəllimlər, tərbiyəçilər, uşaq birliyinin rəhbəri və s.) pedaqoji kadrların attestasiyası Əsasnaməsinə müvafiq olaraq attestasiyadan keçirilirlər. Attestasiyanın nəticələrinə görə onlara ixtisas kateqoriyaları və əmək haqqının ödəniş dərəcələri verilir. Attestasiya zamanı işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, onun peşə-ixtisas və praktiki hazırlıq səviyyəsi müəyyənləşdirilir. Qanunvericiliyə müvafiq olaraq attestasiya komissiyasının qərarı pedaqoji işçinin tutduğu vəzifədən azad olunması üçün əsasdır.
17. Məktəbin işçiləri peşə vəzifələrinə görə Azərbaycan Respublikasının təhsil sistemində olan müəssisələrdə işçilərin peşə və vəzifələri siyahısına əsasən iki yerdə işləmək hüququna malikdirlər. Həmçinin əsas iş yerində xidmət sahəsinin genişlənməsinə və ya görülən işlərin həcminin artmasına görə onlara əlavə əmək haqqı müəyyənləşdirilir.
18. Məktəbə tibb xidmətini yerli səhiyyə müəssisələri göstərir. Tibb işçilərinin vəzifələri müvafiq təlimat və əsasnamələrlə müəyyənləşdirilir.
19. Pedaqoji işçilərin, təlim-tərbiyə və tədris-yardımçı heyətinin yerinə yetirdiyi vəzifə (iş) dairəsi məktəbin nizamnaməsi, daxili intizam qaydaları, qulluqçu vəzifələrinin ixtisas məlumat kitabları, iş və peşələrinə dair Vahid Taarif İxtisas kitabları, ümumtəhsil məktəblərinin Əsasnaməsi, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş vəzifə təlimatı və əsasnamələri ilə müəyyən edilir.


III Müdiriyyətin əsas vəzifələri
 
20. Təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini direktor həyata keçirir:
a) məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək;
b) ixtisas və peşə dərəcəsinə uyğun olaraq məktəbin işçilərinin əməyini düzgün təşkil etmək, onların hər birini müəyyənləşdirilmiş iş yerində möhkəmləndirmək, avadanlığın saz vəziyyətdə saxlanmasını, işçilərin əmək şəraitinin sağlam və təhlükəsizliyini təmin etmək;
c) əmək və istehsalat intizamının ciddi surətdə gözlənilməsini təmin etmək, iş vaxtının itirilməsinin aradan qaldırılmasına, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, sabit əmək kollektivinin formalaşdırılmasına, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək, əmək intizamını pozanlara qarşı vaxtında təsirli tədbir görmək;
ç) işçi alkoqollu içkilər, narkotik maddələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gələrsə, həmin gün işçini öz vəzifəsini yerinə yetirməyə buraxmamaq və mövcud qanunvericiliyə əsasən onun haqqında müvafiq tədbirlər görmək;
d) təlim-tərbiyə prosesini təkmilləşdirmək, əməyin elmi təşkilinin tətbiqi üçün şərait yaratmaq, işin keyfiyyətini, əmək mədəniyyətini yüksəltmək üzrə tədbirlər həyata keçirmək, öz məktəbinin və digər məktəb kollektivlərinin qabaqcıl pedaqoji təcrübəsinin öyrənilməsi, yayılması və tətbiqini təşkil etmək;
e) müntəzəm olaraq məktəb işçilərinin yaradıcılıq və axtarışlarının inkişaf etdirilməsini, peşə ixtisası səviyyəsinin artırılmasını təmin etmək, müəyyən olunmuş vaxtda müvafiq əsasnamələrə uyğun olaraq pedaqoji işçilərin attestasiyasını keçirmək, işləməklə yanaşı tədris müəssisələrində təhsil alan işçilər üçün şərait yaratmaq;
ə) məktəbi zəruri avadanlıqlarla, tədris vəsaitləri və təsərrüfat inventarları ilə vaxtında təmin etmək üçün tədbirlər görmək;
f) əmək qanunvericiliyinə uyğun olaraq əməyin mühafizəsi qaydalarına əməl etmək və işçilərin iş şəraitini yaxşılaşdırmaq;
g) şagirdlərin və məktəb işçilərinin həyatının və sağlamlığının qorunması üçün təminedici şərait yaratmaq, işçilərin texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarına dair təminatın tələblərini bilmək, onlara riayət olunmasına nəzarət etmək;
ğ) dövlət əmlakının mühafizəsini təmin etmək;
h) müəyyən olunmuş müddətlərdə əməkhaqqının verilməsi üçün tələb olunan sənədləri təqdim etmək, işçilərin əməyinin ödənilməsi şərtlərinə riayət olunmasını və əməkhaqqı fondunun səmərəli xərclənməsi üzərində müntəzəm nəzarəti təmin etmək;
x) məktəb işçilərinin gündəlik ehtiyaclarına həssaslıqla yanaşmaq, onlar üçün qanunvericilik əsasında müəyyən edilmiş güzəşt və üstünlüklərin verilməsini təmin etmək;
y) əməyin mənəvi və maddi cəhətdən stimullaşdırılması rolunu artırmaq, qabaqcıl işçilərin həvəsləndirilməsi məsələlərini həll etmək;
z) əmək kollektivində işgüzar, yaradıcı şəraitin yaradılmasına kömək göstərmək, işçilərin təşəbbüsünü və fəallığını hərtərəfli müdafiə və inkişaf etdirmək, əmək kollektivlərinin yığıncaqlar; istehsalat müşavirələri və müxtəlif ictimai fəaliyyət formalarından bütövlükdə istifadə edərək məktəbin idarə edilməsində iştirakını təmin etmək, işçilərin tənqidi qeydlərinə vaxtında baxmaq və görülən tədbirlər haqqında onlara məlumat vermək.
21. Məktəbin müdiriyyəti şagirdlərin məktəbdə olduqları və məktəb tərəfindən təşkil edilmiş tədbirlərdə iştirak etdikləri vaxtlarda onların həyatı və sağlamlığı üçün məsuliyyət daşıyır. Zədələnmənin bütün hallarında müəyyən edilmiş qaydada rayon (şəhər) təhsil şöbəsinə və müvafiq həmkarlar ittifaqı komitəsinə məlumat verir.
22. Məktəbin müdiriyyəti öz vəzifəsini müvafiq hallarda həmkarlar ittifaqı komitəsi ilə birlikdə və ya onunla razılaşdırmaqla, həmçinin əmək kollektivinin səlahiyyəti daxilində həyata keçirir.


IV İş vaxtı və ondan istifadə edilməsi
 
23. İş həftəsinin müddəti, iş vaxtının başlanması və qurtarması növbələrin miqdarından asılı olaraq məktəbin nizamnaməsi ilə tənzimlənir.
Pedaqoji işçilərin iş vaxtı dərs cədvəli, məktəbin nizamnaməsi və daxili intizam qaydaları ilə onlara həvalə olunan vəzifələrə uyğun olaraq müəyyənləşdirilir. Məktəb müdiriyyəti işəgəlmə və işdəngetmənin uçotunu təşkil etməyə borcludur.
24. Pedaqoji işçilərin yeni dərs ili üçün tədris yükü məktəbin direktoru tərəfindən həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla işçilər məzuniyyətə çıxana qədər müəyyənləşdirilir. Bununla əlaqədar olaraq aşağıdakılar nəzərə alınmalıdır:
a) bir qayda olaraq pedaqoji işçilərdə siniflərin varisliyi və tədris yükünün həcmi saxlanılır.
b) pedaqoji işçilərin dərs yükünün həcmi, bir qayda olaraq bütün dərs ilində sabit olmalıdır. Dərs yükünün azalması yalnız məktəbdə şagirdlərin sayının və ya sinif komplektlərinin ixtisarı, həmin ərazidə yeni məktəb binasının tikilməsi ilə əlaqədar sinif komplektlərinin bir hissəsinin bu məktəbə verilməsi, habelə başqa müstəsna hallarda ola bilər.
Məktəbin müdiriyyəti həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla, yeni dərs ili üçün pedaqoji işçilərin tədris yükünü təsdiq edir.
25. Dərs cədvəli məktəbin müdiriyyəti tərəfindən pedaqoji məqsədəuyğunluq, sanitar-gigiyenik normalar, müəllimin vaxtına maksimum qənaət etmək tələblərinin təmin edilməsi nəzərə alınmaqla həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq təsdiq edilir. Pedaqoji işçilərə imkan daxilində metodik işlə məşğul olmaq və ixtisasını artırmaq üçün həftədə bir boş gün verilir.
26. Məktəbin tədris-yardımçı heyətinin və fəhlələrin iş gününün davametmə müddəti həftəlik, yaxud digər uçot dövrü üçün iş vaxtının davametmə müddətinə riayət etməklə tərtib olunmuş növbətçilik qrafiki ilə müəyyənləşdirilir. Qrafik məktəbin müdiriyyəti tərəfindən həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla təsdiq olunur. Qrafikdə iş saatı, fasilə və naharın vaxtı göstərilir. İstirahət yeri və onun qaydası, naharın təşkili müdiriyyət tərəfindən məktəb həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. Növbətçilik qrafiki işçiyə imza etdirilməklə nəzərinə çatdırılmalı və onun tətbiqinə bir qayda olaraq ən azı bir ay qalmış məktəbdə görünən yerdən asılmalıdır.
İşçilərin bəzi kateqoriyaları üçün (məsələn, gecə dayələri, mərkəzi qızdırılma sistemi, bütün sutka ərzində növbətçilik tələb edən yerlərdə ocaqçı) həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla, iş vaxtının yekun uçotu aparıla bilər.
27. Bayram və istirahət günlərində iş qadağan olunur. Məktəbin ayrı-ayrı işçilərinin (müəllim, tərbiyəçi və b.) bayram və istirahət günlərində növbətçiliyə və bir sıra başqa işlərə cəlb olunmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş müstəsna hallarda məktəbin müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin razılaşdırılması əsasında yazılı əmri ilə yol verilir. Növbətçilik, yaxud istirahət və bayram günlərində iş üçün əlavə istirahət günü qanunvericilikdə müəyyən olunmuş qaydada və işçinin razılığı ilə növbəti məzuniyyət dövrünə düşməmək şərti ilə tətil vaxtı verilir.
Hamilə qadınların, 12 yaşınadək uşağı olan anaların istirahət və bayram günlərində növbətçiliyə və digər növlü işlərə cəlb olunması qadağandır.
Fasiləsiz işləyən müəssisələrin (bütün tipdən və addan olan internat məktəblər, uşaq evləri və xüsusi məktəblər) işçiləri və yekun iş vaxtı müəyyən edilmiş işçilər hamı üçün müəyyən olunmuş qaydada istirahət və bayram günlərində işə cəlb olunurlar. Bu işin vaxtı bir qayda olaraq aylıq iş vaxtının normasına daxil edilir. İstirahət günləri iş qrafikində nəzərdə tutulur. Göstərilən halda bayram günü üçün əməkhaqqı aylıq əməkhaqqıdan (stavkadan) artıq birdəfəlik saat və gün stavkası həcmində verilir. Bayram günündə işləmiş işçinin öz arzusu ilə başqa bir istirahət günü verilə bilər.
28. Məktəbin əmək kollektivinin ümumi yığıncağı ildə iki dəfədən az olmayaraq keçirilir. Məktəb şurasının iclası 3 dəfədən az olmayaraq, pedaqoji şuranın iclası isə bir qayda olaraq rübdə bir dəfə keçirilir. Metodik şura yanında yaradılan müəllimlərin və tərbiyəçilərin metodbirləşmələri tədris rübü ərzində iki dəfədən çox olmayaraq keçirilir. Ümumi valideyn yığıncağı ildə iki dəfədən, sinif iclası isə ildə dörd dəfədən az olmayaraq çağırılır.
29. Əmək kollektivinin ümumi yığıncağı, pedaqoji şuranın iclası və fənn metodbirləşmələrinin məşğələləri, bir qayda olaraq iki saatdan, valideyn yığıncaqları 1,5 saatdan, məktəblilərin yığıncaqları və şagird özünüidarə orqanlarının iclasları 1 saatdan çox olmamalı, maraqlar üzrə kursların, bölmələrin məşğələləri 45 dəqiqədən 90 dəqiqəyədək olmalıdır.
30. Hər il verilən növbəti məzuniyyətlərin vaxtı məktəbin müdiriyyəti tərəfindən həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla, məktəbin işinin normal təmini və işçilərin istirahəti üçün əlverişli şəraitin yaradılması əsasında müəyyənləşdirilir. Pedaqoji işçilərə növbəti məzuniyyət bir qayda olaraq yay tətili dövründə verilir. Hər il üçün növbəti məzuniyyət qrafiki cari ilin yanvar ayının sonunadək tərtib olunur və bütün işçilərin nəzərinə çatdırılır. Məktəb direktoruna növbəti məzuniyyət müvafiq rayon (şəhər) təhsil şöbəsi üzrə əmrlə, məktəbin qalan işçilərinə isə məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.
31. Məktəbin pedaqoji işçilərinə qadağan olunur:
a) öz mülahizəsi ilə dərs (məşğələ) cədvəlini və iş qrafikini dəyişdirmək;
b) dərsin (məşğələnin) və onlar arasındakı fasilənin (tənəffüsün) davamı müddətini uzatmaq və qısaltmaq;
c) şagirdləri dərsdən (məşğələdən) çıxarmaq;
ç) məktəbin binasında siqaret çəkmək.
32. Qadağandır:
a) şagirdləri dərs ili ərzində məşğələlərdən ayıraraq tədris prosesi ilə əlaqədar olmayan kənd təsərrüfatı işlərinə cəlb etmək, ictimai işləri yerinə yetirmək, idman və digər tədbirlərdə iştirak etmək üçün məktəb məşğələlərindən azad etmək;
b) dərs vaxtı pedaqoji işçiləri və məktəb rəhbərlərinin ictimai vəzifələri və iş fəaliyyəti ilə bağlı olmayan müxtəlif növlü tədbirləri yerinə yetirmək üçün onları işdən ayırmaq və çağırmaq;
c) iş vaxtı ictimai işlərə aid iclaslar, toplanışlar və müxtəlif müşavirələr keçirmək.
33. Kənar şəxslər dərs vaxtı sinifdə (qrupda) yalnız məktəb direktoru və ya onun müavinlərinin icazəsi ilə iştirak edə bilərlər. Dərs (məşğələ) başlandıqdan sonra sinfə (qrupa) daxil olmağa, müstəsna hallarda yalnız məktəbin direktoru və onun müavinlərinə icazə verilir.
Dərs (məşğələ) vaxtı şagirdlərin yanında pedaqoji işçini işinə aid məzəmmət etmək olmaz.
34. Attestasiyanın nəticələrinə görə məktəbin daha çox fərqlənmiş işçilərinə ixtisas kateqoriyaları və dərəcələri verilir. Bu kateqoriya və dərəcələr attestasiyanın keçirilməsi qaydası haqqında əsasnaməyə uyğun olaraq, attestasiya komissiyasının təkliflərinə əsasən əmrləşdirilir.
35. Həvəsləndirmə tədbirləri tətbiq edilərkən əməyin maddi və mənəvi cəhətdən stimullaşdırılması təmin olunur. Həvəsləndirmə müdiriyyətin əmri (sərəncamı) ilə elan edilir, məktəbin bütün kollektivinin nəzərinə çatdırılır və işçinin əmək kitabçasına yazılır.
36. Əmək vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirən işçilərə ictimai-mədəni, yaşayış və mənzil-məişət xidməti sahəsində (sanatoriya və istirahət evlərinə yollayışlar, mənzil şəraitinin yaxşılaşdırılması və s.) üstünlük və güzəştlər birinci növbədə təqdim edilir. İctimai, mənəvi və maddi həvəsləndirmələr tətbiq edilərkən və dövlət mükafatlarına və fəxri adlara təqdim olunarkən əmək kollektivinin rəyi nəzərə alınır.


V Əmək intizamını pozmağa görə məsuliyyət
 
Əmək intizamının pozulması məktəbin nizamnaməsi, Daxili intizam qaydaları, ümumtəhsil məktəblərinin Əsasnaməsi, vəzifə təlimatları ilə işçiyə həvalə olunmuş vəzifələri yerinə yetirməmək, yaxud lazımi qədər icra etməmək inzibati cəza və ictimai təsir tədbirlərinin görülməsinə, yaxud qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlərin tətbiq edilməsinə səbəb olur.
37. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4 məbləğində çox olmamaq şərti ilə cərimə ödəmək;
ç) əmək müqaviləsini Azərbaycan Respublikasının 70 «ç» maddəsinin bəndilə ləğv etmək.
38. Məktəb direktoruna intizam tənbehi təyin etmək və ya işdən azad etmək hüququ yuxarı təhsil orqanlarına, direktor müavinlərinə isə intizam tənbehi təyin etmək və işdən azad etmək hüququ məktəb direktoruna verilir.
39. Məktəbin direktoru və ya onun müavinləri əmək vəzifələrini yerinə yetirməyən işçilərə qarşı ciddi tələbkarlıq şəraiti yaradır, əmək intizamını pozan üzvləri barəsində ictimai təsir tədbirləri tətbiq edir və bu şəxslərə qarşı qanunvericiliklə müəyyənləşdirilmiş qaydada intizam tədbirlərini tətbiq etmək məqsədilə sənədlərə baxılmaq üçün həmkarlar ittifaqı komitəsinə təqdim edirlər.
40. Tənbeh verməzdən əvvəl əmək intizamını pozandan yazılı izahat tələb edilməlidir. İşçinin izahat verməkdən imtina etməsi cəzanın tətbiq edilməsinə mane ola bilməz.
İntizam tənbehi müdiriyyət tərəfindən bilavasitə xata aşkara çıxan kimi, lakin həmin gündən ən çoxu bir ay keçənə qədər (işçinin xəstələndiyi və məzuniyyətdə olduğu vaxt nəzərə alınmadan) tətbiq edilir.
İntizam tənbehi xatanın baş verdiyi gündən 6 ay keçənə qədər verilə bilər. Bu müddət keçdikdən sonra işçilərə tənbeh verilə bilməz. Göstərilən müddət cinayət işi üzrə istehsalat vaxtına daxil edilmir.
41. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir və bu zaman xatanın ağırlığı, onun baş verdiyi şərait, işçinin əvvəlki işi və onun davranışı nəzərə alınmalıdır.
42. Həmkarlar ittifaqı komitəsinin tərkibinə seçilmiş işçilərə məktəb həmkarlar ittifaqı komitəsinin icazəsi olmadan, bu komitənin sədrinə yuxarı həmkarlar ittifaqı orqanlarının icazəsi olmadan intizam tənbehi verilə bilməz.
43. İntizam tənbehi əmrlə (sərəncamla) elan edilir və onun səbəblərini göstərməklə işçiyə sənədlər təqdim edilir. Əmr (sərəncam) zəruri hallarda həmin məktəbin işçilərinin nəzərinə çatdırılır.
44. İntizam tənbehi verildiyi gündən 6 ay müddətində qüvvədə olur.
İntizam tənbehi ilə razı olmayan işçi məhkəməyə müraciət edə bilər.
İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına riayət etdiyinə görə işçi mükafatlandırılsa, mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

Bizimlə əlaqə

+994 12 000 00 00

adnsu-hik@atiahi.org

Azərbaycan

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo